TƏSİSÇİNİN HƏVƏSİ

Bu gün “Mazda Motor Corporation” kimi tanınan şirkətin əsasını qoyan şəxs Dzyudziro Matsudadır (Jujiro Matsuda).

Əminamanlıq və zənginlikdən uzaq bir mühitdə böyüyən və uşaqlıq illərini keçirən Dzyudziro,
həmişə istehsal sahəsinə həvəs göstərirdi.
Onun həyatı, eləcə də Mazadanın səciyyəsini formalaşdıran

və şirkət ilə əlaqəsi olan hamı tərəfindən yüksək qiymətləndirilən fəlsəfəsi haqqında daha çox məlumat əldə etmək üçün oxumağa davam edin

İstehsal sahəsinə olan həvəsinin artmaqda olduğu gənclik illərində Dzyudziro həyatını maşınqayırma sənayesinə həsr etmək istəyini anlayır.

Dzyudziro Matsuda

Dzyudziro 1875-ci ildə Hiroşima şəhərində 12 uşaqlı ailənin ən kiçiyi olaraq anadan olmuşdur. Məktəbdə oxumaq imkanı olmayan Dzyudziro 13 yaşında dəmirçi yanında işləmək və yaşamaq üçün Osaka şəhərinə köçür. Burada işləyərkən o, həyatını maşınqayırma sənayesinə həsr etmək istədiyini başa düşür. Qabaqcıl mühəndislik bacarıqlarını öyrənmək arzusunu həyata keçirmək üçün o, gəmiqayırma və silah zavodları da daxil olmaqla, müxtəlif zavodlarda işləməyə başlayır. Mexaniki avadanlıqlar və istehsal prosesi haqqında daha çox məlumat əldə etmək üçün o, iş fasilələrində digər fabrikləri ziyarət edərək yeni şeylər öyrənir.

Keçmişdə inək tövləsi olan fabrikdə istehsal edilmiş "Eksklüziv patentli Matsuda nasosunun" təqdimatı.

“Matsuda Seisakusho” dövründə istehsal olunmuş, su boşaltmaq üçün nəzərdə tutulan böyük mərkəzdənqaçma nasosu (1913-cü il)

31 yaşında Osaka şəhərində yerləşən 33 kvadrat metrlik balaca inək tövləsini icarəyə götürərək Dzyudziro "Matsuda Seisakusho" şirkətini qurur. İşlər planlaşdırıldığı kimi getmir; uzun illər sərf edərək işləyib hazırladığı məhsulun artıq bazarda mövcud olduğunu öyrəndikdə Dzyudziro uğursuzluğa düçar olur, lakin bu onun qətiyyətinin qarşısını almır. O, mövcud məhsulları kiçik hissələrə ayıraraq onları öyrənir, müəyyən dəyişikliklər edir və "Eksklüziv patentli Matsuda nasosunu" təqdim edir.

İstifadəçiləri sevindirən məhsullar istehsal etmək üçün keyfiyyətli texnikanın vacib olduğuna inanan Dzyudziro, bu ideyaya sadiq qalaraq israrla xaricdən ən qabaqcıl istehsal texnikasını gətirir və tətbiq edir.

"“Ömrün bir işə həsr edilməsi"": bütöv fabriki məhv edən faciəvi yanğından sonra gələn vəhy.

Preslənmiş mantar taxtası

1918-ci ildə 43 yaşlı Dzyudziro Hiroşimaya qayıdır və "Hiroshima Matsuda Seisakusho" şirkətini təsis edir. Bu vaxta qədər o, artıq hörmətli və müvəffəqiyyətli iş adamı nüfuzunu qazanmışdı. 2 il sonra onu işləri yaxşı getməyən “Toyo Cork Kogyo Co., Ltd.” şirkətinə qoşulmağa razı salırlar. Şirkət onun ixtisas sahəsində fəaliyyət göstərməsə də, Dzyudziro yeni çağırışı qəbul edir. Şirkəti dirçəltmək əzmində olan Dzyudziro, preslənmiş mantar taxtasının istehsalı da daxil olmaqla, yeni məhsul fikirləri ortaya çıxarır. Xəstəlik səbəbiylə təqaüdə çıxmaq məcburiyyətində qalan keçmiş prezidentin yerinə “Toyo Cork Kogyo” şirkətini prezidenti təyin edildikdən sonra o, mantar taxtasından istilik izolyasiyası və amortizasiya materialı kimi istifadə edilə bilən yeni məhsul istehsal etmək üçün əlindən gələni edir. Yeni məhsulun qazandığı müvəffəqiyyət şirkətin yenidən uğurlu fəaliyyət göstərməsinə kömək edir.

Lakin “Toyo Cork Kogyo” şirkətinin müvəffəqiyyəti qısa müddətli olur. 1925-ci ildə bütün fabrik yanğın nəticəsində məhv olur. Böyük borclar ilə üzləşən Dzyudziro daha çox yanğın nəticəsində itirdiyi işçilərə görə sarsılır. Bu ağır hadisə barədə düşünərkən o, öz həvəsinə geri qayıdır və fəaliyyət istiqamətini dəyişdirərək "ömrün bir işə həsr edilməsi" şüarı ilə şirkəti ən yaxşı bacardığı sahədə – maşınqayırma sahəsində yenidən qurmağa qərar verir. Qətiyyətini nümayiş etdirmək üçün şirkətin adını “Toyo Kogyo Co., Ltd.” olaraq dəyişdirir.

Cəmiyyətə töhfə vermək üçün üç təkərli yük maşınlarının istehsalı.

Kütləvi istehsal olunan "Mazda-Go" Type-DA üç təkərli yük maşını

Avtomobil biznesi ilə məşğul olmağın vaxtı çatmışdı. 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsi nəticəsində ictimaiyyət nəqliyyat vasitəsi olaraq diqqətini avtomobillərə çevirmişdi. Bu vaxt Dzyudziro üç təkərli yük maşınları istehsalının yaxşı biznes imkanı olduğu qənaətinə gəlir. O, bahalı dörd təkərli avtomobillərdən daha ucuz və əlçatan olan üç təkərli yük maşınlarını "xalqının həyat keyfiyyətinin yaxşılaşdırılmasına və ölkəsinin inkişafına" töhfə verəcək vasitə kimi qiymətləndirir. Digər yerli istehsalçıların xaricdə istehsal olunan mühərriklərə və digər əsas hissələrə etibar etdiyi bir dövrdə Dzyudziro mümkün qədər çox hissənin yerli istehsalında israr edərək vaxtını və diqqətini mühəndislər ilə birlikdə tədqiqat və inkişafın həyata keçirilməsinə həsr edir. Onun yorulmadan göstərdiyi səylər, üç təkərli yük maşınlarının tamamlanmasından və kütləvi istehsal olunaraq bazara çıxarılmasından sonra öz bəhrəsini verir. Yük maşınına Dzyudzironun familiyasının şərəfinə "Matsuda Go" adı verilir. "MAZDA" adı təxminən bu dövrdə istifadə olunmağa başlanır.

Korporativ nişanın əsaslandığı fəlsəfə.

“Toyo Kogyo Co, Ltd” şirkətinin korporativ nişanı

Toyo Kogyonun korporativ nişanı, yer kürəsinin simvolu olan dairə ilə sənaye və mühəndisliyi ifadə edən "工" çin iyeroqlifinin birləşməsidir. Bu, Dzyudzironun "dünyaya ən yaxşı bacardığı iş olan maşınqayırma ilə töhfə vermək" istəyini nümayiş etdirir. Onun cəmiyyətə fayda vermək üçün mühəndislik təcrübəsindən istifadəni nəzərdə tutan və daimi texnoloji mükəmməlliyə meyl edən fəlsəfəsi bu günə qədər “Mazda Motor Corporation” şirkətində qorunub saxlanılır.

Kasıb bir ailədə anadan olan, kiçik yaşlarda işləmək üçün evini tərk edən və dəfələrlə taleyin şıltaqlığına məruz qalan Dzyudziro Matsuda arxaya baxaraq belə deyirdi: "Ən çox həvəs göstərdiyim istiqamətdə addımlamağıma kömək edən şey “inam” olmuşdur.” Öz qabiliyyətinə güvənməsi, başqalarına etimad etməsi və Tanrıya olan imanı ona uğursuzluqların öhdəsindən gəlmək, başqalarının uğuruna vəsilə olmaq və nəticədə müvəffəqiyyət qazanmaq üçün inam verdi.

Təsisçinin həyat hekayəsi və ruhu bu gün də sarsılmaz üslubu ilə seçilən və adətlərə meydan oxuyaraq yeniliklər tətbiq etməkdən çəkinməyən “Mazda Motor Corporation” avtomobil şirkətində şaxələnməyə davam edir.